REGİONLAR
Zərdabda Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Zərdab rayonunda 7 kilometr uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yüksək sürətlə davam etdirilir. Bu, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci kilometrindən ayrılan və 7 kilometr uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolu IV texniki dərəcəlidir, 3 kəndin 4 mindən çox əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Hazırda yolboyu həyata keçirilən torpaq işləri 70 min kvadratmetr sahəni əhatə edib və yol əsasının inşası işləri görülüb. Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kvadratmetr sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Yeni örtüyün salınması işləri yaxın müddət ərzində tam olaraq yekunlaşdırılacaq.
Daha sonra zəruri yerlərdə avtobus dayanacağının tikintisi, siqnal dirəyinin, yol nişanı və məlumatverici lövhənin quraşdırılması, yolboyu xətlənmə işlərinin aparılması nəzərdə tutulub.
Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə, istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişini şərait yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq.