REGİONLAR
Lerikə yağan qar yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində bir sıra problemlər yaradıb VİDEO
Lerik, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 25-də gecə saatlarından başlayaraq Lerik rayonuna yağan qar yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində bir sıra problemlər yaradıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov AZƏRTAC-a bildirib ki, meşə massivi ərazisində yüksəkgərginlikli xəttin qırılması nəticəsində baş verə biləcək qəzaların qarşısını almaq məqsədilə rayon elektrik şəbəkəsi tərəfindən gecə saatlarında bir neçə istiqamətdə elektrik xətləri şəbəkədən ayrılıb. Bu səbəbdən yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Hazırda rayonun 50 kəndində elektrik enerjisinin olmadığını deyən H.Məlikov yaranmış problemin aradan qaldırılması üçün bütün qüvvələrin səfərbər edildiyini diqqətə çatdırıb.
Qarın yağması Lənkəran-Lerik magistral yolunda nəqliyyat vasitələrinin və piyadaların hərəkətində hər hansı problem yaratmayıb.
Hazırda Lerik şəhərində qarın hündürlüyü 20, ucqar dağlıq ərazilərdə isə 50 santimetrdən çoxdur.