REGİONLAR
Muxtar respublikanın təbiət ərazilərində muflon və dağ keçilərinin sayı artıb VİDEO
Naxçıvan, 28 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən Darıdağ və Nehrəm dağı ərazisində növbəti reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, reyd zamanı əvvəllər az-az hallarda rast gəlinən muflon və dağ keçilərinin sayının artaraq yüzlərlə olduğu müəyyənləşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövqi Əliyev deyib ki, bu ərazilərdə muflon və bezoar dağ keçilərinin saylarında artımın olması həm də onların dövlət tərəfindən ciddi şəkildə qorunması ilə əlaqədardır.
Qeyd edək ki, 2001-ci ildən hər növ ovçuluğa qadağanın qoyulması, biomüxtəlifliyin qorunması muxtar respublikada əlverişli ekoloji mühit formalaşdırıb. Muxtar respublika ərazisində qonur ayı, bəbir, cüyür, qaban kimi nadir və nəsli kəsilməkdə olan heyvanlar yaşayır. Bütün bunlar xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə tədbirlərinin gücləndirilməsi, əhali arasında intensiv ekoloji maarifləndirmə işlərinin aparılması və heyvanat aləminin çoxalması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.