İDMAN
Rüstəm Orucov finalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək YENİLƏNİB VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
Çempionatda 73 kiloqram çəki dərəcəsində yarışın yarımfinalındakı digər təmsilçimiz, Avropa çempionu Hidayət Heydərov Yaponiya idmançısı Soiçi Haşimoto ilə yarımfinal görüşündə məğlub olub.
Hidayət Heydərov bürünc medal uğrunda mübarizədə iştirak edəcək. O, bu mərhələdə monqolustanlı Odbayar Qanbaatar ilə qarşılaşacaq.
Bu çəki dərəcəsində yarışın finalında isə Rüstəm Orucov yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək.
18:37
Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) dünya çempionatının yarımfinalında Koreya Respublikasından olan idmançı Çanqrim Anı ipponla məğlub edib. İyirmi altı yaşlı idmançımızın mundialın finalındakı rəqibi eyni çəki dərəcəsində yarışan Avropa çempionumuz Hidayət Heydərov (Azərbaycan) ilə Soiçi Haşimoto (Yaponiya) qarşılaşmasının qalibi olacaq.
17:12
Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) dünya çempionatının yarımfinalında son Asiya çempionu Koreya Respublikasından olan idmançı Çanqrim An ilə qarşılaşacaq.
Digər yarımfinal görüşündə eyni çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz, gənc idmançımız Hidayət Heydərov “Böyük dəbilqə” turnirlərinin qalibi, ötən il Asiya çempionu Yaponiya təmsilçisi Soiçi Haşimoto ilə finala vəsiqə uğrunda qüvvəsini sınayacaq.
Yarımfinal, təsəlliverici və final qarşılaşmalarına saat 18:00-dan etibarən start veriləcək.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində yalnız Orxan Səfərov (60 kq) medal qazanıb. O, millimizin heyətinə gümüş medal yazdırıb.
16:09
Dünya çempionatında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov dörddəbir finalda çinli Saiyinjiriqala ilə üz-üzə gəlib. İdmançımız beynəlxalq Qran-pri turnirlərinin qalibi olan rəqibini ipponla məğlubiyyətə uğradaraq dünya çempionatının yarımfinalına yüksəlib.
15:54
Azərbaycan cüdoçusu Hidayət Heydərov rusiyalı Denis Lartçevə ipponla qalib gələrək yarımfinal mərhələsinə vəsiqə əldə edib. Növbəti mərhələdə idmançımız Yaponiya təmsilçisi Soiçi Haşimoto ilə finala çıxmaq uğrunda güləşəcək.
15:47
Səkkizdəbir final mərhələsində Tacikistan idmançısı Behruzi Xojazoda ilə qarşılaşmadan qalib ayrılan tərəf Azərbaycan cüdoçusu Rüstəm Orucov olub.
Beləliklə, Azərbaycan təmsilçisi yarışın dörddəbir final mərhələsində iştirak etmək hüququ qazanıb.
15:34
Üçüncü görüşündə Pan-Amerikan çempionatının qalibi, kubalı Maqdiel Estrada ilə üz-üzə gələn cüdoçumuz Hidayət Heydərov rəqibindən vazari xalı ilə üstün olaraq növbəti - dörddəbir final mərhələsinə vəsiqəni təmin edib. Bu mərhələdə o, rusiyalı Denis Lartçevlə qarşılaşacaq.
14:49
Azərbaycan cüdoçusu Hidayət Heydərov ikinci qələbəsini qazanıb. Rumıniyalı Alexandru Raicunu ipponla məğlub edən H.Heydərov növbəti mərhələyə adlayıb.
14:40
Olimpiya mükafatçımız Rüstəm Orucov ikinci görüşündə fransalı Pyer Dupratla güləşib. Rəqibini məğlub edən cüdoçumuz növbəti - səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.
13:51
Azərbaycan cüdoçusu Hidayət Heydərov mərakeşli Ahmed əl-Meziatinə qalib gələrək dünya çempionatında 1/16 final mərhələsinə adlayıb.
12:57
Azərbaycan cüdoçusu Rüstəm Orucov ilk görüşünü qələbə ilə başa vurub. Kosovalı Akil Qyakovdan üstün olan cüdoçumuz 1/16 finala yüksəlib.
12:50
Azərbaycan cüdoçusu İçinxorlo Munxtsedev ispaniyalı Xayone Ekuisoayna uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.
11:32
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.
AZƏRTAC xəbər verir ki, mundialın üçüncü günündə kişi və qadın cüdoçularımız hər biri mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.
Kişi cüdoçuların yarışında ölkəmizi Avropa çempionları Hidayət Heydərov və Rüstəm Orucov təmsil edəcəklər. Qadınlar mübarizəsində isə Səkinə Zayirova və İçinxorlo Munxtsedev tatami üzərinə çıxacaqlar.
Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, Hidayət Heydərov mərakeşli Ahmed əl-Meziati, Rüstəm Orucov Akil Qyakova (Kosova)-Xavyer Ramires (İspaniya) cütünün qalibi, Səkinə Zayirova Viktoriya Mayorosova (Slovakiya), İçinxorlo Munxtsedev ispaniyalı Xayone Ekuisoayn ilə üz-üzə gələcəklər.
İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.
Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş medal qazanıb.