Avropa və dünya çempionu olan güləşçimizin növbəti hədəfi Olimpiya qızılıdır VİDEO




Siyəzən, 12 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Dünya çempionu adını qazanıb Azərbaycanın dövlət himninin səsləndirilməsinə nail olacağıma çox inanırdım. Bütün rəqiblərimlə görüşlərdə inamlı qələbələr qazanıb qızıl medala layiq görüldüm. Bayrağımız ən yüksəkdə dalğalananda keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm.
Bu sözləri Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmə güləşçilərin dünya çempionatının qalibi Şəhanə Nəzərova AZƏRTAC-a müsahibəsində söyləyib.
Qızlar arasında keçirilən yarışda millinin heyətində yer alan “Neftçi” idman klubunun üzvü yarışda 38 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edib. Şəhanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyə ərzində məğlub edib. Yarımfinal qarşılaşmasında idmançımızın rəqibi olan rusiyalı güləşçi cəmi 65 saniyə tab gətirib. Bu görüşü də vaxtından əvvəl qələbə ilə başa vuran Şəhanə finalda Ukrayna təmsilçisi ilə üz-üzə gəlib. Həlledici qarşılaşmada Mariya Tomişiçə də vaxtından əvvəl qalib gələn güləşçimiz dünya birinciliyinin qızıl medalına sahib olub. Ş.Nəzərova keçirdiyi qarşılaşmalarda rəqiblərinə bir xal belə verməyib.
Ş.Nəzərova ötən ay yeniyetmələr arasında Avropa çempionu adını da qazanıb.
Dünya və Avropa çempionunu qarşıda daha bir ciddi sınaq gözləyir. Yeniyetmə güləşçi 2018-ci ilin yayında Argentinada keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlaşır.
Siyəzən güləş məktəbinin yetirməsi olan Şəhanə 6 yaşından güləşlə məşğul olur. Onun ən böyük arzusu Olimpiya Oyunlarının qalibi adını qazanmaqdır.