REGİONLAR
Əmirvarın Şırşırı ilin hər fəslində gözəldir - FOTOREPORTAJ VİDEO
Daşkəsən, 4 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Əmirvar uca dağlar qoynuna sığınan Daşkəsənin ucqar kəndlərindəndir. Bu kənd rayon mərkəzindən təxminən 20 kilometr aralıda, dağların ətəyində yerləşir.
Vaxtilə çar üsul-idarəsinə qarşı çıxış edən qaçaqların etibarlı istinadgahı olmuş bu yerlərdə böyük bir kənd salınıb. Əmirvara gedən yol Daşkəsən dağlarının yamacından və yaylaqlarından keçir. Bu yol yaz-yay aylarında füsunkar mənzərəli, payızın yağmurlu günlərində nisbətən keçilməz, qışda isə təhlükəli olur. İlin hər fəslində heyrətamiz mənzərəsi ilə görənləri valeh etsə də, Daşkəsənin Xoşbulaq yaylağına, Narzanına, eləcə də digər səfalı məkanlara təşrif buyuranlar Əmirvara daha çox yay günlərində gəlirlər.
Rayon mərkəzindən uzaqlaşıb Əmirvara üz tutduqda dağların üstündən keçən yoldan aşağıya baxdıqda dibi görünməz dərələrin arasında salınmış Quşçu və Kəmərqaya kəndlərini, sonra isə Alunitdağı görmək olur. Dağların ətəyindəki mərmər və daş karxanaları arxada qaldıqda isə öz mənzərəsi ilə insanı valeh edən yaylaqlar başlayır. Ucsuz-bucaqsız bu yaylaqlarda saysız-hesabsız mal-qara, qoyun sürüləri otlayır. Yayın isti günlərində Daşkəsən yaylaqlarına pənah gətirən aran maldarları bütün yay boyunca burada yurd salıb həm sürülərini otarır, həm də ot biçib, qış üçün bol yem tədarük edirlər. Əmirvar kəndi də elə bu yaylaqların yaxınlığında, zirvəsinə qədər meşə ilə örtülmüş dağın ətəyində yerləşir.
Əmirvar sakinlərinin Əyriçay adlandırdıqları çayın yaratdığı gözəllik isə bir başqadır. Mənbəyi yaxınlıqdakı dağlardan başlayan Əyriçay yaz aylarında bol sulu, bəzən də çox təhlükəli olur. Lakin qızmar yay aylarında Əyriçay yatağına çəkilib sakitcə axmağa başlayır. Kəndin içindən axan Əyriçay yaxınlıqdakı meşənin dərinliklərində bir-birindən gözəl təbiət lövhələri yaradır. Dar dərədə sıxılan Əyriçayın sal qayaların arasından keçib aşağı axdığı yerdə isə göz önündə füsunkar dağ şəlaləsi canlanır. Kəndin sakinləri bu şəlaləyə Şırşır deyirlər. Şırşırın töküldüyü yerdə qayalara dəyən və ətrafa səpilən su damlaları Günəşin al şəfəqləri ilə birləşib göz oxşayan, bir-birindən gözəl təbiət mənzərələri yaradır.
Ana təbiətin Əmirvara bəxş etdiyi gözəllik bununla bitmir. Bir az aralıda Dığa gölü, Göyəmli və Armudlu dərələri, hər zaman zirvəsindən qartalların pərvazlandığı yamyaşıl meşələr yurdumuzun bu gözəlliyini görmək istəyənlərin yolunu gözləyir.