REGİONLAR


Səhər yeməyinin əvəzolunmaz dadı - nehrə yağı VİDEO

Quba, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Ən keyfiyyətli və dadlı yağ nehrə yağıdır. Təmiz süddən, qatıqdan öz əlimizlə hazırlayıb istifadə edirik. Çox olanda isə bazarda satırıq. Hər kiloqramına 15-20 manat verib xaricdən gətirilən yağları almaqdansa, elə eyni qiymətə nehrə yağı almaq daha məsləhətlidir.

Qubanın Susay kəndinin sakini Sevda Mərdanova AZƏRTAC-a müsahibəsində bildirib ki, bu vaxta qədər evlərində ancaq nehrə yağından istifadə olunub. Ümumiyyətlə, bu kənddə mal-qarası olan bütün sakinlər yağı bu yolla əldə edir. Heyvandarlığın inkişaf etdiyi yaşayış məntəqəsində vaxtilə süd emalı müəssisəsi də fəaliyyət göstərib.

Nehrə yağını əldə etmək üçün təzə süddən qatıq mayalanır. Daha sonra qatıq eyni miqdarda ilıq su ilə bərabər nehrəyə boşaldılır. Nehrə təxminən bir saat çalxalandıqdan sonra yağ ayrılır. Bir nehrəyə 10-15 kiloqram qatıq tökülür ki, bundan da təxminən 600-700 qram yağ əldə olunur. Yağın miqdarı qatıq hazırlanan südün yağlılığından asılıdır. Yağ alındıqdan sonra nehrədə qalan ayran isə yemək zamanı süfrəyə verilir.

Nehrənin ona nənələrindən miras qaldığını bildirən Sevda Mərdanova deyib ki, bu işi görmək həm səbir, həm də fiziki güc tələb edir. Amma sonda əldə olunan nəticə bütün yorğunluğu unutdurur.

Kənd sakinləri nehrə yağını alıcılara 12-15 manata təklif edirlər.

Qeyd edək ki, nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Bu yağ xüsusilə səhər yeməyi zamanı əvəzolunmaz nemət sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.