Çövkən yarışlarında dörddəbir final oyunlarının bütün iştirakçılarının adları müəyyənləşib VİDEO
Şəki, 19 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 19-da növbəti səkkizdəbir final qarşılaşmaları olub.
Əvvəlcə meydançaya İsmayıllı və Ağdaş regional mədəniyyət və turizm idarələrini təmsil edən komandalar çıxıb. İsmayıllı komandası rəqiblərini 9:0 hesabı ilə məğlub edərək, dörddəbir finalda iştirak etmək hüququ qazanıb. Həmin gün keçirilən Gəncə və Şəmkir komandalarının oyunu isə 2:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Gəncəlilər mübarizəni dörddəbir finalda davam etdirəcək.
Dekabrın 20-də keçiriləcək dörddəbir final oyunlarında “Ömər” və Ağstafa, “Elit” və “Polad”, İsmayıllı və “Sərhədçi”, Ağcabədi və Gəncə komandaları qarşılaşacaqlar. Cütlüklərin qalibləri yarımfinala vəsiqə qazanacaq.
Qeyd edək ki, oyunların final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək. Dekabrın 22-də yarımfinal, dekabrın 23-də isə üçüncü yer uğrunda görüş və final qarşılaşması təşkil olunacaq.
Yarışların təsnifat mərhələsinin oyunlarına hakimlik edən Oğuz rayonunun Yaqublu kəndindən olan Müşfiq İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, Şəki Atçılıq Turizm Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan milli atüstü oyunlar festivalında və Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlarda 2006-cı ildən iştirak edir. Beş il Oğuz rayonunun komandasının tərkibində bu oyunlara qatılıb. Son beş ildə isə bu yarışlarda hakim kimi fəaliyyət göstərir. Yarışların yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Müşfiq İsmayılov ənənəvi keçirilən oyunların xalqımızın mədəni irsinin qorunub saxlanmasına çox böyük töhfə olduğunu bildirib.