REGİONLAR
Qusarda futzal üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb VİDEO



Xaçmaz, 21 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda futzal üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Fikrət Qardaşovun xatirəsinə həsr olunmuş birincilikdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 8 komanda mübarizə aparıb.
Qrup mərhələsində yarışan komandalardan ilk iki yeri tutanlar yarımfinalda mübarizə aparmaq hüququ qazanıb.
Qusar Olimpiya İdman Kompleksində təşkil edilən turnirin final oyununda Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının təmsil olunduğu kollektivlə “Kitab evi” komandası qarşılaşıb. Gərgin mübarizədən qalib ayrılan “Kitab evi” komandası turnirin əsas mükafatını qazanıb. Üçüncü yeri isə rayon Mərkəzi Xəstəxanasının komandası tutub.
Yarışda ilk üç yeri tutan komandalar Qusar rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla mükafatlandırılıb.