REGİONLAR
Şabranın Xırdaoymaq kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib VİDEO
Şabran, 25 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 25-də Şabran rayonunun Xırdaoymaq kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 40 şagird yerlik ibtidai məktəbin yeni binasında 5 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub.
Xırdaoymaq kəndində məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Sədaqət Mustafayeva çıxışında Xırdaoymaq kəndində yeni məktəb binasının istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Bildirilib ki, bundan əvvəl Şabran rayonunun Hacıqaraqaşlı kəndində modul tipli məktəb binası quraşdırılıb. 56 şagird yerlik ümumi orta məktəb binasında da dərslərə başlanılıb. 2018-ci ildə isə Şabran rayonunda daha 8 modul tipli məktəb binası quraşdırılacaq.
Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.
Açılış mərasimindən sonra şagirdlər məktəb zənginin sədaları altında yeni sinif otaqlarına daxil olublar.
Qeyd edək ki, modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır.
Ötən il bölgələrdə 100 modul tipli məktəb binası tikilib. 2018-ci ildə isə daha 137 belə məktəb binası şagirdlərin istifadəsinə veriləcək.