REGİONLAR
Qusarda təşkil olunan sərgidə 200-dən çox əl işi nümayiş etdirilib VİDEO
Qusar, 1 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusardakı Heydər Əliyev Mərkəzində “Gənclər gələcəyimizdir” mövzusunda təşkil olunan sərgidə 200-dən çox əl işi nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fiziki məhdudiyyətli gənclərin də iştirak etdiyi sərgidə 20-yə yaxın müəllifin əl işləri sərgilənib.
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə açılan sərgidə istedadlı gənclərin çəkdiyi rəsmlər, dekorativ-tətbiqi sənətin xalçaçılıq, toxuma və bədii tikmə, bədii oyma və başqa nümunələri təqdim olunub.
Sərginin açılış mərasimində çıxış edənlər bu kimi tədbirlərin istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığa daha da stimullaşdırılması, əl işlərinin satışının təşkili baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Sərgidə nümayiş olunan əl işlərinin satışı da təşkil olunub.
Qusar rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə keçirilən sərgidə bu rayondan olan fiziki məhdudiyyətli gənclərin ifasında musiqi nömrələri də təqdim edilib.