Tanınmış incəsənət nümayəndələri Xalq Artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət edib VİDEO
Quba, 15 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 15-də Azərbaycanın tanınmış incəsənət nümayəndələri Xalq Artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənət dostları Qubanın şəhər qəbiristanlığına gələrək mərhum sənətkarın məzarı önünə gül dəstələri düzüb, sevimli aktrisanın xatirəsini anıblar.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini Aqil Bəhramlı, Xalq artistləri Hacı İsmayılov, Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Valeh Kərimov, Əməkdar artistlər Hicran Nəsirova, Əli Nur, Elxan Quliyev, Sənubər İsgəndərli və mərhum aktrisanın digər sənət yoldaşları Zərnigar Ağakişiyevanın yaratdığı unudulmaz obrazlarla tamaşaçıların rəğbətini qazandığını bildiriblər.
Qeyd edək ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib, bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb. 1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Aleksandr Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunda çıxış edib. Bir il sonra teatrın aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyevanın yaratdığı bütün obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Xalq Artisti Tatyana (M.Qorki, “Meşşanlar”), Xuraman (S.Vurğun, “Vaqif”), Şəfəq (S.Dağlı, “Kölgələr pıçıldaşır”), Zeynəb (B.Vahabzadə, “Kimdir haqlı?”), Zivər (Anar, “Təhminə və Zaur”), Fəxrəndə xanım (İ.Əfəndiyev, “Mahnı dağlarda qaldı”), Pəri xanım (M.F.Axundzadə, “Lənkəran xanının vəziri”), Qadın (Elçin “Poçt şöbəsində xəyal”), Yasəmən (S.S.Axundov, “Eşq və intiqam”), Ana (B.Vahabzadə, “Dar ağacı”), Kərbəlayi Fatma (C.Məmmədquluzadə, “Ölülər”) və digər obrazlara tamaşaçıların yaddaşında dərin iz buraxıb.
Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə çəkilən Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Azərbaycanın Xalq Artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2015-ci ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb. Z.Ağakişiyeva Prezident təqaüdçüsü idi.
2018-ci il fevralın 8-də 72 yaşında ürək çatışmazlığından dünyasını dəyişən Z.Ağakişiyeva vəsiyyətinə uyğun olaraq Quba şəhər qəbiristanlığında, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.