DSX: Ulu öndər Heydər Əliyevin 95 və Cümhuriyyətin 100 illik yubileylərinə həsr olunmuş süvari və gəmi yürüşləri keçirilib VİDEO
Bakı, 28 may, AZƏRTAC
Müqəddəs və yenilməz dövlət bayrağımız altında Azərbaycan sərhəd mühafizəsini təmin etməkdən şərəf duyan sərhədçilərimiz dahi öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyini və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini təntənəli surətdə qeyd edirlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın hər bir sərhədçisi milli dövlətçilik salnaməsinin başlanğıc nöqtəsi olan dövlət sərhədlərinin yaranması və mühafizəsi tarixinin iştirakçısı, dahi öndər Heydər Əliyevin dövlətçilik ideyalarının daşıyıcısı olması ilə fəxr edir.
Müstəqillik dövründə dövlət bayrağımızın Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ilk dəfə 1992-ci il avqustun 22-də dahi öndər Heydər Əliyevin iştirakı ilə Naxçıvan Sərhəd Dəstəsində qaldırılması Azərbaycan Sərhəd Mühafizəsi tarixinin ən şərəfli səhifələrindən biri olmaqla yanaşı, hər bir sərhədçinin üzərinə əlavə məsuliyyət qoyur.
Ümummilli lider Heydər Əliyevin əmri ilə dövlət sərhədində əbədi ucaldılmış, şərəf, şücaət və şöhrət rəmzimiz olan milli üçrəngli dövlət bayrağımız altında xidmət aparmaq Dövlət Sərhəd Xidmətinin hər bir əməkdaşı üçün böyük qürur mənbəyidir.
2018-ci il mayın 27-də Gürcüstan, İran və Rusiya ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri cəlb olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini diqqətə çatdırıb, torpaqlarımızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağımızı yüksəltməyə hər an hazır olduqlarını bildiriblər.
Dövlət sərhədində Azərbaycan Respublikasının bayrağının ucaldılmasının əbədiliyini tərənnüm edən bu yürüşlər sərhədçilərimizin vətənpərvərliyinin və Heydər Əliyevin dövlətçiliyinə sadiqliyinin ifadəsi olub.