REGİONLAR
Quba-Xınalıq yoluna böyük qaya parçası düşüb
Quba, 2 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 2-si səhər saatlarında Quba-İspik-Xınalıq yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb. Buna yolun hərəkət hissəsinə dağdan qopan qaya parçasının düşməsi səbəb olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qaya parçası yolun 36-cı kilometrliyinə düşüb. Diametr 3 metrdən çox olan qaya parçası yolun hərəkət hissəsinə düşdüyündən asfaltı da dağıdıb.
İdarənin ağır texnikaları vasitəsilə tonlarla çəkisi olan qaya parçası yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Qısa müddətdə yolda avtomobillərin hərəkəti tam bərpa olunub.
Sahə rəisi deyib ki, təbii proseslərlə əlaqədar yaz-yay aylarında yola iri qaya parçalarının və torpaq kütləsinin tökülməsi kimi hallar tez-tez baş verir.