REGİONLAR
Qusarda keçirilən festivalda azsaylı xalqların folklor kollektivləri və ifaçıları çıxış ediblər VİDEO
Qusar, 5 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 5-də Qusarda keçirilən festivalda şimal regionunda fəaliyyət göstərən müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçıları çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Mədəniyyət Sarayında təşkil edilən xalq yaradıcılığı nümunələrinin sərgisi və folklor kollektivlərinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
"Multikulturalizm Azərbaycanda həyat tərzidir" adlı festivalın əsas məqsədi ölkəmizdəki zəngin mədəni irsin, multikulturalizm ənənələrinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də rayonlararası mübadiləni gücləndirməkdir.
Tədbirdə çıxış edənlər multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu qeyd ediblər.
Bildirilib ki, Azərbaycanda, eləcə də şimal rayonlarında müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Burada multikultural dəyərlər, ənənələr qorunub saxlanılır.
Festivalda, ümumilikdə, 20-yə yaxın müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçıları çıxış edib.