136 saylı orta məktəbdə Xocalı soyqırımının qurbanları anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 25-də Xəzər rayonu Rasim Mayıl oğlu Sadıqov adına 136 saylı tam orta məktəbdə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Xocalı - qan yaddaşımız” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şagirdlər Bahar Lətifqızının “Xocalı” kompozisiyasını pontamim şəkildə ifa ediblər. Həmçinin Gülxani Pənahın “Bura vətəndir” adlı kitabından “Xocalı ay Xocalı”, Mirvari Dilbazinin “Xocalı fəryadı” pyeslərindən səhnələri canlandırıblar. Məktəblilərin tədbirində bir sıra şair və yazıçıların əsərlərindən istifadə edilib, “Qarabağ şikəstəsi”, “Xocalı” əsəri, “Amin”, “Bayatı Şiraz” mahnıları səsləndirilib. Xocalı soyqırımına aid görüntülərdən ibarət videoçarx tamaşaçılara təqdim olunub.
Tədbir iştirakçıları “Xocalı şəhidlərinə həsr olunmuş mahnı”nı oxuyub, bayatılar və şeirlər söyləyib, Səriyyə Müslümqızının “Xocalıdan gələn var” adlı kitabından məqalələr bukletlər şəklində tamaşaçılara paylanılıb.