REGİONLAR
Xaçmazlı rəssamın əsərləri Türkiyədə sərgilənib VİDEO











Xaçmaz, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı rəssam Canpolad Qəhrəmanovun əsərləri Türkiyədə ahıska türklərinin sürgün edilməsinin 75-ci ildönümü ilə bağlı keçirilən mərasimdə sərgilənib. Ankarada təşkil olunan sərgidə rəssamın 15 əsəri nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ömrünün yarıdan çoxunu rəssamlığa həsr edən 62 yaşlı Canpolad Qəhrəmanov ahıska türküdür. O, 1969–cu ildə ailəsi ilə birlikdə Azərbaycana gələrək Xaçmazın Müşkür kəndində məskunlaşıb. Həmin vaxt cəmi 6 yaşı olan C.Qəhrəmanov orta məktəbdən sonra, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Onun çəkdiyi rəsmlərin içərisində ahıska türklərinin sürgününə həsr olunan əsərlər xüsusi yer tutur. Yağlı boya ilə çəkilən şəkillər uşaq vaxtlarında anası və babasından eşitdiyi əhavalatların təsirindən yaranıb. Rəssam sözügedən rəsm əsərlərinin yaradıcılığında xüsusi yer tutduğunu bildirir.
Canpolad Qəhrəmanov Dünya Ahıska Türkləri Birliyinin dəvəti ilə Azərbaycandan Türkiyəyə gedən nümayəndə heyətinin tərkibində yer alıb. Rəssamın sürgünün mahiyyətini və acısını anladan rəsmləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Rəssam əsərlərindən birini təşkilatçılara hədiyyə edib.
Rəssamın əsərlərindən ibarət növbəti sərginin Bakı şəhərində təşkili nəzərdə tutulub.