REGİONLAR
Kürdəmirdə 85,2 kilometrlik 3 yol infrastrukturu layihəsi icra edilib VİDEO
Bakı, 28 dekabr, AZƏRTAC
Kürdəmir rayonunda Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarını əhatə etməklə 85,2 kilometr uzunluğa malik, 8 yaşayış məntəqəsini əhatə edən 3 yol infrastrukturu layihəsi icra olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində yolun genişləndirilməsi, qaldırılması və profilə salınması ilə yeni yol yatağının inşası işləri görülüb. Yolboyu yararsız vəziyyətdə olan suötürücü borular yeniləri ilə əvəz edilib. Bundan başqa, yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.
Son mərhələdə çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri və avtobus dayanacaqlarının tikintisi, həmçinin yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, kilometr göstəricilərinin və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirilib.
Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan sakinlərin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb.