ELM VƏ TƏHSİL
“Məktəb psixoloqundan tövsiyələr” layihəsi davam edir VİDEO


Bakı, 30 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanmış 5-ci videoçarxda Bakı şəhəri 36 nömrəli tam orta məktəbin psixoloqu Ofeliya Qasımova “Uşaqlarda aqressiya: öyrən və qalib gəl!” mövzusunda tövsiyələrini təqdim edir.
Videoçarxla layihənin “YouTube” kanalında tanış olmaq mümkündür.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt” xidməti də fəaliyyət göstərir. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.