Xaçmazda buraxılış (qəbul) imtahanlarında 2635 şagird biliklərini sınayıb VİDEO
Xaçmaz, 18 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 18-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda Xaçmaz rayonundan, ümumilikdə, 2 min 635 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 12 mərkəzdə keçirilən imtahanlara 276 nəzarətçi müəllim, o cümlədən 31 imtahan rəhbəri cəlb olunub.
Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlər üçün keçirilən buraxılış (qəbul) imtahanları saat 11:00-da başlanıb və 3 saat davam edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.