REGİONLAR
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Tovuz rayonunun Ağdam kəndində olub VİDEO
Tovuz, 14 iyul, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müvəkkil hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub.
Jurnalistlərə açıqlamasında Səbinə Əliyeva deyib: “Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təxribat törədilib. İnsan Hüquqları üzrə Müvəkkil olaraq buraya mülki əhaliyə qarşı törədilmiş təcavüzlə bağlı monitorinq aparmağa gəlmişəm.
Bunlarla bağlı geniş hesabat hazırlayaraq ən qısa zamanda müvafiq beynəlxalq qurumlara göndərəcəyik. Ermənistan hüquqların müdafiəsi sahəsində mövcud olan bütün beynəlxalq sənədləri bu dəfə də pozub. Burada yaşayan əlil və ahıl insan qətlə yetirilib. Budur, əlil və ahıl dinc sakinin axşam yeməyinə hazırlaşdığı zaman başına gələn faciə. O, yemək masasının üstündə qalıb”.