İQTİSADİYYAT
Paytaxtın 2 rayonunun təbii qaz təchizatı yaxşılaşdırılır VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Paytaxtın 2 rayonunun təbii qaz təchizatı yaxşılaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, abonentlərin təbii qaza olan tələbatını fasiləsiz, dayanıqlı və təhlükəsiz şəkildə təmin etmək məqsədilə paytaxtın müxtəlif ərazilərində birliyin Təmir-Tikinti İdarəsi tərəfindən istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işləri həyata keçirilir. Xətai rayonunun Xudu Məmmədov və Məhəmməd Hadi küçələrinin kəsişməsində vaxtilə polad boru ilə çəkilmiş qaz xətti diametri 315 millimetr olan polietilen boru ilə əvəzlənir. 250 metr uzunluğunda çəkilən yeni qaz xətti hazır olduqdan sonra 15 min abonentin qaz təchizatı normal şəkildə tənzimlənəcək. Altı min abonentin qaz təchizatının yaxşılaşdırılması məqsədilə təmir işləri Nərimanov rayonunda da davam edir. Yusif Vəzir Çəmənzəminli küçəsində istismar müddətini başa vurmuş diametri 325 millimetr olan polad boru ilə çəkilən yeraltı qaz xətti 650 metr uzunluğunda diametri 315 millimetrlik polietilen boru ilə dəyişilir. Təmir işləri gedən ərazilərə çox sayda maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. İşlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub.