İQTİSADİYYAT
“Silk Way West Airlines”in karqo təyyarəsi Yaponiyanın “Narita” Beynəlxalq Hava Limanına ilk reys həyata keçirib VİDEO






Tokio, 12 fevral, AZƏRTAC
Fevralın 11-də “Silk Way West Airlines” şirkətinin karqo təyyarəsi Yaponiyanın “Narita” Beynəlxalq hava limanına ilk reys həyata keçirib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, həftədə iki dəfə həyata keçiriləcək yeni yük marşrutunun açılışı münasibətilə aeroportda qarşılama mərasimi təşkil olunub. Mərasimdə layihənin müəllifləri olan Azərbaycanın “Silk Way West Airlines” və Yaponiyanın “Nippon Cargo Airlines” şirkətlərinin rəsmiləri, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılazdə, “Narita” aeroportunun nümayəndələri iştirak ediblər.
“Silk Way West Airlines” və “Nippon Cargo Airlines” arasında imzalanan müqaviləyə əsasən, tərəfdaşlar Bakı ilə Tokionu birləşdirən birgə uçuşlar həyata keçirəcək. Birbaşa müntəzəm uçuşlar vasitəsilə yüklər Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Yaponiyanın ən vacib beynəlxalq hava yük keçidi sayılan “Narita” hava limanına çatdırılacaq.
Yeni reysin açılmasının əhəmiyyətini yüksək qiymətləndirən “Silk Way Group”un icraçı müşaviri Katsutoşi Tanaka AZƏRTAC-ın xüsusi müxbirinə deyib: “Silk Way West Airlines” 2018-ci ildən etibarən Bakını Osaka şəhərinin “Kansai” beynəlxalq hava limanı ilə birləşdirən həftəlik uçuşları həyata keçirərək Yaponiyanın hava yük daşımaları bazarına xidmət göstərir. Bu ölkəyə yeni uçuşların başlanması ilə şirkət, həm yapon, həm də beynəlxalq tərəfdaşlar üçün hava nəqliyyatı xidmətlərinin keyfiyyətini daim artırıb, getdikcə bölgənin yük daşıma şəbəkəsində daha da əhəmiyyətli rol oynayacaq. Bu yeni marşrutun açılması bölgədəki bir neçə tərəfdaşla uzun illər davam edən əməkdaşlığın inkişafına daha da təkan verəcək. “Silk Way West Airlines” və “Nippon Cargo Airlines” arasında müqavilənin imzalanması “Silk Way West Airlines” ilə şirkətin yapon tərəfdaşları arasında əməkdaşlıq tarixində yeni bir səhifə açır”.
“Narita International Airport Corporation” (NAA) şirkətinin Yük daşımaları və satış şöbəsinin baş direktorunun müavini Narahara Yoşikazu isə bildirib: “Yeni hava körpüsünün tariximizdə ilk dəfə olaraq iki paytaxt şəhərini birbaşa birləşdirməsindən, müntəzəm uçuş şəbəkəmizin coğrafi genişlənməsindən məmnunuq. Bildiyiniz kimi, “Silk Way West Airlines” şirkəti Azərbaycanın ən böyük yükdaşıma aviaşirkətlərindən biridir və tarixi İpək Yolunun üzərində yerləşir. Bu şirkət Yaponiyanın Komatsu aeroportuna ilk çarter reyslərinə 2016-cı ilin yanvarında başlayıb. 2018-ci ilin dekabrından isə Osakada yerləşən “Kansai” beynəlxalq aeroportuna uçuşlar həyata keçirir. Yeni reysin açılması “Narita” hava limanının gələcəkdə Azərbaycan vasitəsilə dünyanın daha 30 şəhərinə uçuşlar keçirməsinə imkan yaradacaq”.
Qeyd edək ki, qərargahı İpək Yolunun mərkəzi Bakı şəhərində yerləşən, Xəzər dənizi bölgəsinin hava yük daşımalarını həyata keçirən ən böyük olan “Silk Way West Airlines”ın şirkətinin əsası 2012-ci ildə qoyulub. Aviaşirkət Şərqi Asiya, Yaxın Şərq, Orta Asiya, Avropa və ABŞ hava limanlarını əhatə edən hava yük şəbəkəsini daim genişləndirməkdədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio