REGİONLAR
Azərbaycana Avropadan cins damazlıq qoyunlar gətirilib VİDEO
Ağsu, 22 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Bu günlərdə Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük və ətlik-südlük istiqamətli qoyunlar gətirilib. Ümumi sayı 1000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.
AZƏRTAC xəbər verir ki, damazlıq qoyun cinsləri məhsuldarlıqlarına görə seçilirlər. Bu cinslər yerli iqlim şəraitinə sürətlə uyğunlaşdığından fermerlər öz təsərrüfatlarında yerli qoyunlarla yanaşı, xarici cins qoyunlar yetişdirməyə də maraq göstərirlər.
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin baş mütəxəssisi Elşən Cabbarov bildirib ki, hazırda təsərrüfatda Avropadan gətirilmiş 4 fərqli qoyun cinsi saxlanılır: “Bu qoyunlar Avropada da qapalı (intensiv saxlanma) şəraitdə saxlanılır. Qapalı şəraitdə saxlandığına görə heyvanlarda formalaşan bəzi xüsusiyyətlər bizim yerli heyvanların xüsusiyyətlərindən fərqlənir. Birincisi, bu qoyunlar yetişkənlik dövrünə tez çatırlar ki, bu da fermer təsərrüfatları üçün çox gəlirli və səmərəli sayılır. İkincisi, bu qoyunlar intensiv şəraitdə yetişdirildikləri üçün balavermə müddəti mövsümdən asılı deyil. Belə ki, əkiz və yaxud üçəm quzuların alınması və onların ətlik məqsədilə yetişdirilməsi onları digər növlərdən fərqləndirən əsas xüsusiyyətlərdəndir. Həmçinin bu heyvanların düzgün yemləndirilməsi və bəslənməsi nəticəsində sürüdə əkiz balavermə göstəricisi 85 faizdən yuxarıdır. Bu göstərici təsərrüfatın damazlıq sürü kimi daha sürətli formalaşmasına və quzu əti istehsalının artmasına gətirib çıxarır”.
Elşən Cabbarov xaricdən gətirilmiş cins damazlıq qoyunların yemlənmə qaydaları barədə də danışıb. “Əslində həm yerli, həm də xarici qoyunlar ehtiyacları olduqları qədər yeyirlər. Rasion baxımından hər bir qoyun öz çəkisinin 3 faizi həcmində yem yeyir. Bizim yerli qoyunlar yaylaq-qışlaqlarda örüş-otlaq sahələrində bəslənilir. Xaricdən gətirilmiş heyvanlar isə qapalı şəraitdə yetişdirildiyindən və qoyunların verdiyi quzu sayı çox olduğuna görə səmərə baxımından yem xərclərini üstələyir. Eyni zamanda, müalicə-profilaktika məqsədilə çəkilən baytarlıq xidmətləri xərci minimallaşdırır. Bu cinslərin 85 faizi ildə əkiz bala verir, yəni iki ildə 6 quzu, başqa sözlə, ilə orta hesabla 3 bala deməkdir. Örüş-otlaq sahələrində yetişdirilən qoyunlarda bu cür yüksək məhsuldarlıq mövcud deyil. Yəni, nəzəri baxımdan üç baladan biri fermerin xərclərini ödəyir, digər ikisi isə qazanc sayılır”, - deyə o qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, ölkədə heyvandarlığın cins damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə xarici ölkələrdən yerli şəraitə tez uyğunlaşan, ətlik, südlük-ətlik və südlük istiqamətli, məhsuldarlığı və keyfiyyətləri yüksək olan damazlıq heyvanlar gətirilir: “Fermerlər dövlət dəstəyi mexanizmindən yararlanaraq öz təsərrüfatları üçün bu heyvanlardan ala bilərlər. Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəşti ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir. Bu cür dövlət dəstəyi mexanizminin mövcud olması fermerlərimizin xaricdən gətirilmiş damazlıq heyvanlara marağını artırır. Ötən illər ərzində xaricdən gətirilmiş damazlıq cinslərdən ibarət heyvandarlıq təsərrüfatların sayının artması bununla bağlıdır”.