REGİONLAR
Yevlax rayonunun Qoyunbinəsi kəndində inşa edilən yeni məktəb binasında son tamamlama işləri görülür VİDEO
Yevlax, 22 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik yeni binada son tamamlama işləri aparılır.
Tikintidə iş icraçısı Kamil Cəmilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iki mərtəbədən ibarət məktəb binasının ümumi tikinti sahəsi 2400 kvadratmetrdir. Məktəbdə 18 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, məktəbəhazırlıq qrupları üçün otaqlar, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.
Məktəbin həyətində qazanxana, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları tikilib, subartezian quyusu qazılıb, şəhidlərin xatirəsinə abidə yaradılıb. Hazırda həyətdə abadlıq işləri aparılır, yerə asfalt örtük salınır, idman meydançası hazırlanır. Məktəb yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcəkdir.
Qoyunbinəsi kənd məktəbi üçün yeni binanın tikintisi sakinlərin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Məktəbin direktoru Sadəddin Rəhimov bildirib ki, 1956-cı ildə inşa edilmiş binada tədris üçün şərait yaxşı deyildi. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Çətinliklərə baxmayaraq, məktəbin uğurları çox olub.
“Məktəbimizin məzunları hər zaman rayonun digər məktəblərindən seçilib. Ötən tədris ilində məzunlarımızdan 14 nəfər qəbul imtahanlarında iştirak edib, onlardan 10-u respublikamızın müxtəlif ali məktəblərinə qəbul olub. Artıq köhnə məktəb binası yeni bina ilə əvəz olunub. Məktəb üçün yeni binanın tikilməsi məsuliyyətimizi daha da artırır. Yeni məktəbdə daha həvəslə işləyəcək, bizə göstərilən etimadı layiqincə doğrultmağa çalışacağıq", - deyə S.Rəhimov bildirib.