FHN İmişlidəki bazarda baş vermiş yanğının söndürülməsi barədə məlumat yayıb VİDEO
Bakı, 26 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün İmişli rayonunda baş verən yanğının söndürülməsi ilə bağlı yeni məlumat yayıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin 112 - qaynar telefon xəttinə İmişli şəhərindəki bazarda yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, habelə yanğının mürəkkəbliyi nəzərə alınaraq Şirvan, Beyləqan, Cəbrayıl, Ağcabədi, Sabirabad, Biləsuvar, Kürdəmir və Saatlı rayonlarının Yanğından Mühafizə hissələrindən əlavə qüvvələr dərhal əraziyə cəlb olunub.
Dəstək məqsədilə əlavə yanğınsöndürmə qüvvələrinin vaxtında tətbiqi və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının daha da genişlənməsi və vura biləcəyi daha böyük ziyanın qarşısı alınaraq söndürülməsi təmin olunub.
Yanğın nəticəsində ümumi sahəsi 20 min kvadratmetr olan bazarda təqribən 2400 kvadratmetr sahədə bir dam altında yerləşən və bir-birinə bitişik müxtəlif təyinatlı 150 mağazanın konstruksiyaları və içərisinə yığılmış mallar yanıb. Bitişik digər mağazalar və bazarın qalan hissəsi yanğından mühafizə olunub.