GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması istiqamətində irəliləyiş əldə edilib VİDEO
Kiyev, 9 iyul, AZƏRTAC
İyulun 9-da Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 55-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Əlaqələndiricilər Şurasının 54-cü iclası 2020-ci ildə pandemiya səbəbindən onlayn şəkildə təşkil olunmuşdu.
İclasda Gürcüstanın 2021-ci ildə quruma sədrliyi zamanı həyata keçiriləcək layihələrin təqdimatı müzakirə edilib. Gürcüstanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Teymuraz Cancaliya il ərzində hansı istiqamətlərdə əməkdaşlığa üstünlük verəcəklərini açıqlayıb. Bildirib ki, buraya GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi də daxildir.
Tədbirdə, həmçinin GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması, nəqliyyat dəhlizi layihələri müzakirə edilib. Azad ticarət zonanın yaradılması istiqamətində irəliləyişin əldə olunduğu vurğulanıb. Bu layihədən başqa, malların mənşəyinin müəyyənləşdirilməsi barədə protokolun yaxın zamanlarda imzalanacağı qeyd edilib. Bildirilib ki, nəqliyyat dəhlizi layihəsinin isə hazırda texniki-iqtisadi əsaslandırılmasının həyata keçirilməsi üçün donor tərəfləri ilə danışıqlar aparılır. Əsas tərəf kimi Avropa Komissiyası nəzərdən keçirilir. 2020-ci ildə Azərbaycanın GUAM-a sədrliyi dövründə də bu məsələdə Avropa Komissiyası ilə danışıqlar aparılıb.
Müzakirələrdə GUAM ölkələri arasında turizmin inkişafının vacibliyi vurğulanıb. Pandemiya dövründən sonra turizmin inkişafı üçün birgə layihələrin həyata keçirilməsinin önəmliyi qeyd olunub.
Tədbirdə çıxış edən Azərbaycanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın pandemiyaya qarşı mübarizədə gördüyü işlər, beynəlxalq tədbirlərdə apardığı siyasət, bərabər vaksinasiya uğrunda ədalətli mövqeyi barədə məlumat verib. Nazir müavini GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib, Azərbaycanın qurumda müzakirə olunan layihələrə dəstək verdiyini söyləyib.
Mahmud Məmməd-Quliyev, həmçinin 44 günlük Vətən müharibəsindən sonra görülən işlər, minaların təmizlənməsi barədə də ətraflı məlumat verib.
Qeyd edək ki, GUAM-a sədrlik 2021-ci il yanvarın 1-dən Gürcüstana keçib. Bu, Gürcüstanın sədrliyi dövründə GUAM Milli Əlaqələndiricilər Şurasının ilk iclası olacaq. 2020-ci ildə Azərbaycanın təşkilata sədrliyi dövründə 30-dan çox görüş keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev