REGİONLAR
Siyəzən şəhərində dördmərtəbəli məktəb binasının inşası başa çatıb VİDEO
Siyəzən, 26 avqust, Elxan Yusifli, AZƏRTAC
Siyəzən şəhərində 960 şagird yerlik dördmərtəbəli məktəb binasının inşası başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəb üçün tikilən bina yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Dörd korpusdan ibarət yeni məktəbdə 40 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.
Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəbinin təmirinə ötən ilin iyul ayından başlanılıb.
İş icraçısı Samir Pirmətov bildirib ki, məktəbin tikinti işləri plana əsasən və karantin rejiminin qaydalarına uyğun davam etdirilib. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunub. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa edilib, abadlıq işləri aparılıb, yerə asfalt döşənib.
Orta məktəbin köhnə binası 64 il öncə istifadəyə verilmişdi. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı.
Tikinti işləri başa çatdıqdan sonra məktəb binası müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyət göstərəcək.
Siyəzən Rayon Təhsil Şöbəsindən bildirilib ki, son 10 ildə rayonda 10 yeni məktəb binası tikilərək istifadəyə verilib. Onlardan 3-ü modul tipli məktəbdir.