İsmayıllıda bir ailənin üç övladı tələbə adını qazanıb VİDEO



İsmayıllı, 6 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunda şəhid Sahib Həsənov adına Qubaxəlil kənd tam orta məktəbinin məzunları olan Həsənovlar ailəsinin 3 övladı - iki əkiz bacı və bir qardaş builki qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailənin böyük övladı Səməndərağa 307 bal, bacılar Şəlalə 471, Lalə isə 401 bal toplayıblar. Hər üçü Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakültəsinə qəbul olunublar. Qeyd edək ki, Səməndərağa ötən il imtahan versə də, arzusunda olduğu universitetə qəbul olunmamışdı. Bu il isə bacıları ilə birlikdə istədiyi universitetdə tələbə adını qazanıb. Təbrikə gələn qohum-qonşular artıq ailənin “kimyaçılar ailəsi” kimi tanındığını söyləyirlər.
Qəbul imtahanlarında 471 bal toplayan Şəlalə deyir ki, tələbə adını qazanmaq üçün səylə çalışmaq lazımdır: “Biz heç bir müəllim yanına getməmişik. Sadəcə olaraq, birinci sinifdən on birinci sinfi bitirənədək çalışdıq. Valideynlərimizə də minnətdarıq. Ötən 11 ildə çalışmağımız üçün hər cür şərait yaratdılar”.
Tələbə adını qazanan üç övladın atası Firdovsi Həsənov onlarla fəxr etdiyini bildirib. “Uşaqlarım dərslərinə hər zaman böyük həvəs və məsuliyyətlə yanaşıblar. Onlardan elə belə gözəl nəticəni də gözləyirdim. Onlarla fəxr edirəm”, - deyə o vurğulayıb.