REGİONLAR
Xaçmazın Qımılqışlaq kəndində 480 şagird yerlik məktəb binası istifadəyə verilib VİDEO
Xaçmaz, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 15-də Xaçmaz rayon Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 480 şagird yerlik məktəb binasının açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar.
İkimərtəbəli məktəbdə 18 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.
Yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub. Məktəbin həyətində abadlıq işləri aparılıb, yerə asfalt örtük döşənib.
Məktəbin köhnə binası 1974-cü ildə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan əsaslı təmirə ehtiyac yaranmışdı.