REGİONLAR
Siyəzən şəhərində 960 şagird yerlik məktəb binası istifadəyə verilib VİDEO
Siyəzən, 22 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 22-də Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəb üçün tikilən bina istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 960 şagird yerlik, dördmərtəbəli məktəb binasının açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Sadiq Qurbanov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və rayon Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar.
Dörd korpusdan ibarət yeni məktəbdə 40 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.
Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəbin köhnə binası 64 il öncə istifadəyə verilmişdi. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı.
Son 10 ildə Siyəzən rayonunda 11 yeni məktəb binası tikilərək istifadəyə verilib. Onlardan 3-ü modul tipli məktəbdir.