REGİONLAR
Bərdənin Qaradəmirçi kəndində 624 şagird yerlik məktəb binası istifadəyə verilib VİDEO
Bərdə, 22 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Sentyabrın 22-də Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün inşa edilən 624 şagird yerlik bina istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasının açılış mərasimində təhsil nazirinin müavini İdris İsayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının qücləndirilməsinə yönələn mühüm tədbirlərdən danışıb. Bildirib ki, təhsil cəmiyyətin inkişafının əsasını təşkil edir. Təhsilə daim dövlətin diqqət və qayğısı mövcuddur. Ölkəmizdə mövcud olan 4500 ümumtəhsil müəssisəsinin böyük bir qismi yenilənib. Bu o deməkdir ki, 1 milyon 600 min şagird müasir tələblərə cavab verən şəraitdə təhsillərini davam etdirəcəklər. Bu proses hər il davam etdirilir. Bu il 88 məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. Artıq onlardan 55-i tədrisə başlayıb. İlin sonunadək digər məktəb binaları da istifadəyə veriləcək.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc tədbirdə çıxış edərək, müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri, şagirdlər və kənd sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Yeni inşa edilən məktəb 624 şagird yerlikdir. Üç mərtəbədən ibarət olan məktəb binasında 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, əmək təlimi, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, havalandırma, müşahidə, siqnalizasiya sistemləri ilə təmin edilib. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub. Məktəbin həyətində nasosxana, qazanxana və transformator yarımstansiyası, içməli və yanğın əleyhinə su anbarları tikilib, hasarlar yenidən qurulub. Həyətdə, həmçinin idman meydançası inşa edilib, abadlıq işləri aparılıb.
2021-2022-ci tədris ilində təhsil müəssisəsində 531 şagirdin, məktəbəhazırlıq qrupunda isə 36 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 61 nəfər pedaqoji işçi çalışır.