Şəhid övladı atasının adını daşıyan sinifdə təhsil alacaq VİDEO








Füzuli, 23 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Paşayev Elgün İlham oğlunun adı Zobucuq qəsəbəsində 27 nömrəli tam orta məktəbdə sinfə verilib. Bu il sinifdə təhsil alacaq şagirdlərdən biri isə şəhidin öz övladıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin məzunu olan şəhid Elgün Paşayevin xatirəsini əbədiləşdirmək üçün pedaqoji şuranın qərarı ilə onun övladı Mələk Paşayevanın təhsilə başladığı 1a sinfinə şəhidin adı verilib.
Sinfin açılışında şəhid Elgünün ailə üzvləri, məktəb kollektivi, Təhsil Şöbəsinin nümayəndələri, icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin nümayəndəsi iştirak edib.
Məktəbdə ilk zəng çalınıb. Birincilərin tədrisə başladığı gün ilk dərs saatı “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Çıxış edənlər Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Zəfər yürüşündən söhbət açıblar. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanaraq 30 illik Vətən həsrətinə son qoydu. Qəhrəman oğullar torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmaqla gələcək nəsillər üçün əsl örnək oldular. Belə qəhrəmanlardan biri də Elgün Paşayevdir.
Şəhid Elgün Paşayevin şərəfli ömür yolu haqqında da şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilən, hərbçi olmağı qarşısına məqsəd qoyan Elgün həqiqi hərbi xidməti bitirdikdən sonra öz istəyi ilə ordu sıralarında müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elgün Paşayev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində ilk döyüşə başlayanlar sırasında yer alıb.
Elgün Paşayev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.