MƏDƏNİYYƏT
Praqada Zəfər Gününə həsr edilmiş konsert olub VİDEO
Praqa, 14 noyabr, AZƏRTAC
Praqada “Şöhrətə gedən yolda yeddi gözəl” ("Seven beauties towards Glory") mövzusunda qala-konsert olub. AZƏRTAC xəbər verir ki, konsert Praqanın tarixi mərkəzi sayılan Vinoqradıdakı Milli Evin (NÀRODNÍ DŮM NA VINOHRADECH) binasında keçirilib.
1894-cü ildə inşa edilmiş Milli Ev o vaxtdan Praqa sakinlərinin mədəni həyat mərkəzinə çevrilib. Burada dünyəvi tədbirlər keçirilir. Bu dəfə muzey binasının divarları arasında 2020-ci il Vətən müharibəsində Azərbaycan xalqının Zəfər Gününə həsr edilmiş klassik musiqi konserti keçirilib.
Binanın foyesi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmışdı. Gecənin qonaqları arasında Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin, digər səfirliklərin əməkdaşları, Çexiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, tələbələr vardı.
Şair Leyla Bəyim qonaqları salamlayaraq deyib ki, bütün dünya azərbaycanlıları Zəfər Gününü qeyd etməklə dinc gələcəyin tərəfdarlarıdır.
Azərbaycanın Əməkdar artisti, çoxsaylı beynəlxalq müsabiqələrin laureatı, pianoçu Rəna Rzayeva qonaqlar qarşısında çıxış edib. O, Qara Qarayevin, İsmayıl Hacıbəyovun, Aqşin Əlizadənin əsərlərini ifa edib.
Müasir bəstəkar Rəhilə Həsənovanın “Kəlbəcər” pyesi ilk dəfə bu konsertdə səslənib.
Çex auditoriyası Plzen Konservatoriyasının tələbəsi, skripkaçı Canel Nəcəflinin ifasında Azərbaycan xalq kompozisiyalarını da maraqla qarşılayıb. Azərbaycanlı şair Leyla Bəyimin Nizami Gəncəviyə və Qara Qarayevə həsr edilmiş poetik misraları Milan Dvorjakın tərcüməsində çexiyalı aktyor Kristofer Noqinyokun deklamasiyasında dinləyicilərə təqdim edilib.
Gecənin sonunda Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin kompozisiyası və Leyla Bəyimin işğaldan azad edilmiş Şuşaya həsr etdiyi şeirlər səslənib.
Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa