Qətərdə dünya çempionatı üçün bir illik geri sayım mərasimi keçirilib VİDEO
Qahirə, 22 noyabr, AZƏRTAC
Yaxın Şərqdə ilk dəfə Qətərdə keçiriləcək FIFA Dünya Kubokunun bir illik geri sayımı mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Dohada keçirilən mərasimdə FIFA prezidenti Canni İnfantino iştirak edib. Dünya Kuboku bir ildən sonra keçiriləcək dünya çempionatının ilk matçının olacağı Al Bayt stadionuna gətirilib. Sonra geri sayım saatı işıqlandırılıb və dronlar vasitəsilə Doha səmasında “365” rəqəmləri yazılıb.
FIFA prezidenti müraciətində bildirib ki, dünya çempionatının matçları Qətərin ən müasir səkkiz stadionunda oynanılacaq. O, çempionata hazırlıq işlərini yüksək qiymətləndirib.
Qətər 2022-ci il dünya çempionatına hazırlığa 6,5 milyard dollar xərcləyib. Dohadakı innovativ Ras Əbu Abud və Lusail stadionları da Dünya Kuboku ərəfəsində istifadəyə veriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə