MƏDƏNİYYƏT
UNESCO-da “Afrika Həftəsi”ndə Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub VİDEO
Paris, 25 noyabr, AZƏRTAC
UNESCO-da “Afrika Həftəsi” çərçivəsində ölkələrin mətbəxləri təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş mətbəx nümunələri təqdim edilib.
UNESCO yanında Afrika qrupuna sədrlik edən Qabonun daimi nümayəndəsi, eləcə də Azərbaycan, Çin, Tunis və Namibiyanın daimi nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin Afrika ölkələrinə, eləcə də UNESCO-nun Afrika Prioriteti çərçivəsində bu ölkələrə verdiyi töhfələrdən söz açıb.
Sonra ölkələrin mətbəxləri təqdim olunub. Azərbaycan mətbəxindən mədəni kimliyimizin tərkib hissəsi kimi hazırlanma və paylaşma ənənəsi adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, ət və göy qutabı, milli şirniyyatlarımız-paxlava və şəkərbura təqdim olunub. Azərbaycan masası bayrağımız, eləcə də milli suvenirlərimizlə bəzədilib. Azərbaycan masasının ziyarətçiləri mətbəximizin ləziz təamlarını sevgi ilə dadıblar.
UNESCO-da “Afrika Həftəsi” noyabrın 26-dək davam edəcək.
Xatırladaq ki, Azərbaycan “Afrika Həftəsi”nin sponsorlarındandır. Ölkəmiz 2014-cü ildə yaradılmış UNESCO/Azərbaycan Etimad Fondu vasitəsi ilə Afrikanın Kenya, Uqanda, Tanzaniya, Liberiya kimi bir çox ölkələrində qızların təhsili, gender bərabərliyi, təhsildə bərabərlik kimi müxtəlif layihələrin maliyyələşməsində yaxından iştirak edib. Azərbaycan Afrika ölkələrində qızların və qadınların təhsilə əlçatanlığı layihələrində iştirak edərək, gənc qızlar və qadınların həyat keyfiyyətləri və rifahının yüksəldilməsində yerli hökumətlərin səylərinə töhfə vermişdir. Cəmiyyətin imkansız qrupları, xüsusilə də gənc qız və qadınların təhsilə çıxışını asanlaşdırmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və təhsil imkanlarını artırmaq istiqamətində strategiyalar hazırlanmasında yaxından iştirak etmişdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris