MƏDƏNİYYƏT
Qazaxıstanın paytaxtında “Nizami Gəncəvi” art – albomunun və sərgisinin təqdimatı olub VİDEO
Nur-Sultan, 14 dekabr, AZƏRTAC
Qazaxıstan Birinci Prezidenti Elbası Kitabxanasının Muzeyində TÜRKSOY-un təşkilatçılığı ilə böyük Azərbaycan şairi, filosof Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Nizami Gəncəvi" art - albomunun təqdimatı və sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, art-alboma Nizaminin əsərlərinin motivləri üzrə tanınmış rəssamların əsərlərinin 100-dən artıq fotoreyası daxil edilib və nəşr filosofun poemasından sitatlarla tamamlanıb.
Tədbir dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar reallaşıb.
Tədbirdə Nursultan Nazarbayev- Elbası Kitabxanasının direktoru Bakıtcan Temirbolat TÜRKSOY-un türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin art-albomunun təqdimatı ilə bağlı təşəbbüsünü dəstəkləyib və bu əsər təkcə türk sivilizasiyasının deyil, həm də dünya sivilizasiyasının tarixinə, elminə və mədəni irsinə sanballı töhfələr verəcəyinə əminliyini bildirib.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, Nizami Gəncəvi bir fenomen olaraq təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün bir işıq mənbəyi, bir örnəkdir.
2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edildiyini qeyd edən səfir bildirib ki, bu cür qərarlar Azərbaycan elminin, mədəniyyətinin və incəsənətinin inkişafında xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən səfir Ağalar Atamoğlanov şairin 880 illik yubileyinin təkcə Azərbaycan, türk, Şərq ədəbiyyatında deyil, dünya ədəbiyyatında da böyük bir hadisəyə çevrildiyini, onun irsinin Azərbaycanla yanaşı, bütün dünyada da təbliğ olunduğunu deyib.
Diplomat qeyd edib ki, şairin 880 illiyi Nizami yaradıcılığının qazax ədəbiyyatındakı xüsusiyyətlərinin öyrənilməsi onun yaradıcılıq irsinin qazax dilinə tərcümə edilməsi baxımından daha böyük təkan olub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov kitab-albomdakı hər bir təsvirin öz tarixinin olduğunu vurğulayıb. Baş katib Türkiyənin Ədirnə, Təkirdağ, Bursa və Antalya şəhərlərində türk dünyası sənətçilərinin birgə iştirakı ilə Nizami Gəncəvinin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramlarının uğurla keçirildiyini də diqqətə çatdırıb. Bildirib ki, “Nizamini oxuyaq” kitab-albomunda türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdikləri miniatürlər də yer alır.
Humanist ideyalar, Nizaminin "Xəmsə" ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") əzəli və fəlsəfi poetik poemalar əsasında tərənnüm etdiyi münasibətlər, sosial bərabərlik, tolerantlıq yalnız Şərqdə deyil, bütün dünyada bir etalona çevrilib.
Düsen Kusainov söyləyib ki, dövrümüzdə Nizami Gəncəvinin əsərlərinin öyrənilməsi sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirərək, təkcə ədəbi-fəlsəfi əsərlər kimi deyil, həm də sosiologiya, dinşünaslıq, psixologiya, pedaqogika və politologiya baxımından da maraq doğurur.
Baş katib Nizaminin yubiley ilində TÜRKSOY-un Rusiyada, Belarusda, Ukraynada, Polşada, Qırğızıstanda və bir sıra digər ölkələrdə irimiqyaslı tədbirlər təşkil etdiyini, keçən il dahi qazax mütəfəkkiri Abay Kunanbayevin də yubileyinin geniş qeyd edildiyini bildirib. Diqqətə çatdırıb ki, Abay Kunanbayev Nizaminin əhəmiyyətli əsərlərindən olan "İsgəndərnamə"ni qazax dilinə tərcümə edib. Abay Nizamini özünün "gözəl" müəllimi hesab edir və onun yaradıcılığına dərindən hörmət edirdi.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli yeni epoxada Nizami kimi klassiklərin yaradıcılığına yeni prizmadan baxışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, şairin yaradıcılığı öz dövründə olduğu kimi, üzərindən səkkiz əsrdən çox müddət keçsə də, şüurlara təsir göstərir, milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının milli özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayır.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və Qazaxıstan Parlamentinin deputatı, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov Nizaminin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələrindən bəhs edib, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunublar.
"Nizami Gəncəvi" art-albomunun təqdimatı eyniadlı fotosərgiyə baxışla davam edib.
Tədbirdə TÜRKSOY-un nümayəndələri, diplomatlar, alimlər, dövlət və ictimai xadimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan