MƏDƏNİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhid və qazi ailələri üçün tədbir təşkil olunub VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhid və qazi ailələri üçün tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət Bas İdarəsi və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova tədbir iştirakçılarını qarşıdan gələn Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin və qazilərimizin hesabına qarşıdan gələn 2022-ci ili qalib xalqın nümayəndələri kimi qarşılayırıq.
Sabah Prezident İlham Əliyevin doğum günü olduğunu deyən Z.Səmədova qeyd edib ki, Azərbaycan torpaqları Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun sayəsində işğaldan azad edilib.
Qeyd edib ki, Vətən müharibəsində qanı və canı bahasına xalqımıza Qələbə qazandıran şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayan Baş İdarə bu qəbildən olan tədbirləri gələcəkdə də davam etdirəcək.
Müdafiə nazirinin bayram təbrikini şəhid və qazi ailələrinə çatdıran Zümrüd Səmədova tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.
Tədbirdə tanınmış müğənnilər Elnur Məmmədov, Manana Caparidze və başqaları vətənpərvər mövzusunda mahnılar ifa ediblər.
Xüsusi təyinatlı şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Tədbirdə Şaxta baba və Qar qız uşaqları əyləndirib, onlara xoş dəqiqələr bəxş edib. Şənlikdə, həmçinin mahnılar oxunub, rəqs nömrələri təqdim olunub.