Nizami Gəncəvinin “Xəmsə”si və tarix VİDEO
Gəncə, 25 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Nizami Gəncəvinin əsərləri dərin fəlsəfi məna daşımaqla yanaşı, tarixi hadisələrin və dövrlərin araşdırılması üçün olduqca qiymətli mənbələrdir. Onun “Xəmsə”si Azərbaycan xalqının etnoqrafiyası, adət-ənənələri üzərində yazılmışdır. Nizami nəinki öz dövründə baş verən hadisələr, həm də ondan əvvəl baş verən hadisələrə öz dəst-xəti ilə sanki ekskursiya edir, nəzər salır. Nizami Gəncəvi yaradıcılığı müəyyən mənada tarixi mənbə rolunu da oynaya bilər.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Nizami Gəncəvinin əsərlərində tarixi motivlərdən danışarkən tarixçi Bəxtiyar Məhərrəmov söyləyib.
Tarixçi bildirib ki, “Xosrov və Şirin” poemasında şair 602-628-ci illərdə hakimiyyətdə olan Sasani hökmdarı Xosrov Pərviz və onun 3-cü həyat yoldaşı olan Şirinin həyatından bəhs edir. VII əsrdə Sasani dövlətində baş verən siyasi hadisələri, Xosrov Pərvizin həyat və idarəçiliyini ustalıqla qələmə alır.
“Mehranilər sülaləsindən olan Şirinin Sasani hökmdarına qarşı məhəbbətinə Nizami öz poemasında xüsusi yanaşır. Sevgi və məhəbbət motivlərini ön plana çəkir. “Leyli və Məcnun” poemasına nəzər saldıqda isə Nizaminin ərəb mənbələrini və ədəbiyyatını nə qədər dərindən bildiyini görə bilirik. Əsərdə adıçəkilən Leyli, Qeys, İbn Salam, Nofəl və s. obrazların hamısı real həyatdan götürülmüş obrazlardır”, - deyə tarixçi bildirib.
Nizami yaradıcılığı, ümumilikdə, dahi şairin tarixə baxışını və onun tarixdən necə faydalandığını ortaya çıxarır. O, poemalarında təkcə xalqların tarixi və dövrün siyasi prosesləri barədə yox, həm də onların etnik mənsubiyyəti və milli adət-ənənələri haqda danışır.
Həmsöhbətimiz Nizaminin “Yeddi gözəl” poemasında didaktik tərbiyəvi obraz kimi Bəhram Gur və dəbdəbəli saraylarda yaşayan yeddi fərqli xalqa, etnik mənsubiyyətə məxsus gözəllər haqqında danışdığını bildirib. Bəxtiyar Məhərrəmov şairin sonuncu əsəri olan “İsgəndərnamə” poemasını tarixi personajların ön plana çəkilməsinə görə “Xəmsə”nin kulminasiya nöqtəsi belə adlandıra biləcəyimiz əsər olduğunu deyib: “İsgəndərnamə” poemasında ən maraqlı məqam ondan ibarətdir ki, Nizaminin İsgəndəri iki obrazın xüsusiyyətlərini özündə daşıyır. Nizami Gəncəvinin yaratdığı İsgəndər müqəddəs kitabımız Quranda adı çəkilən İsgəndər Zülqərneyn obrazının alleqorik formasıdır. Onun qələmə aldığı İsgəndər tək Allahlıdır, Makedoniyalı İsgəndər isə bütpərəst idi. Həmçinin Nizaminin təsvir etdiyi İsgəndər obrazı ədalətli olub və daim həqiqət axtarışında idi. Ancaq Makedoniyalı İsgəndər o qədər də ədalətli deyildi və həqiqəti axtardığı qədər də onu bildiyini düşünürdü.
Qeyd edək ki, fotolar Nizami Gəncəvi Muzeyindən çəkilib. Muzey şairin məqbərəsi qarşısında Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub və 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb.