Qışın ən faydalı yeməyi - əvəlik şorbası VİDEO
Ağstafa, 30 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Elə ki qış ayları gəldi, xüsusilə də kənd yerlərində ən sevimli yeməklərdən biri əvəlik şorbası olur. Bu yeməyin hazırlanmasında isə bəzi məqamlara diqqət yetirmək lazımdır. Əvəlik həm də orqanizm üçün çox faydalıdır.
AZƏRTAC xəbər verir ki, Ağstafanın Muğanlı kənd sakini 75 yaşlı Abuhəyat Nəsibova uzun illərdir əvəlik bişirir. Deyir ki, əvəlik şorbası həm də ailəsinin soyuq aylarda ən çox xoşladığı səhər yeməyidir. O, əvəlik otunu xırda-xırda doğrayıb, yuyur. Sonra sıxıb acı suyunu çıxarır və su dolu qazanda bişirir. Soğan, yağ, duz əlavə etdikdən sonra, umac da qatır.
Abuhəyat nənə övladları işə, nəvələri isə məktəbə gedənə qədər hər səhər əvəlik hazırlayıb süfrəyə gətirir. Əvəlik şorbası həm də çox ucuz və tez başa gəlir.
Əvəlik şorbası soyuqdəymənin dərmanı kimi tanınır. İmmuniteti artıran bu yeməyin faydalarını saymaqla bitməz. Əvəlik bitkisinə isə ölkəmizin, demək olar, hər yerində rast gəlinir. Yabanı halda bitən bu bitki yay aylarında yığılaraq qurudulur.
“Əvəlik şorbası yüngül yeməkdir, bol vitaminlidir. Həm də asan həzm olunur. Soyuqdəyməyə, qripə, digər xəstəliklərə qarşı istifadə edilir. Ona görə nənələrimiz həmişə əvəlik bişirib. Əvəlik bizim öz biçənəklərimizdə bitir. Özüm dərib, quruduram. Qış olanda da istifadə edirik”, - deyə Abuhəyat nənə bildirir.
Abuhəyat nənənin nehrə yağı ilə bişirdiyi əvəlik şorbası cəmi 15-20 dəqiqəyə ərsəyə gəlir.
Əvəliyi bişirərkən ona ağız tamına uyğun olaraq əriştə də qatmaq olur.