REGİONLAR
Qubanın Şuduq kəndində modul tipli məktəb binası istifadəyə verilib VİDEO
Quba, 1 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 1-də Quba rayonunun Şuduq kəndində 40 şagird yerlik modul tipli məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuduq kəndi dəniz səviyyəsindən 950 metr yüksəklikdə, rayon mərkəzindən 30 kilometr məsafədə yerləşir.
Məktəbin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək müəllim və şagirdləri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məktəb binasında sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Şuduq kəndindəki təhsil ocağı rayonda quraşdırılan 26-cı modul tipli məktəbdir.
Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Məktəbin müəllim kollektivi yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.