İQTİSADİYYAT
2002-Cİ İLDƏ BUSBANKIN GƏLİRİ 34,9 MİLYARD MANAT OLMUŞDUR
Ötən ilin yekunlarına görə Azərbaycan Birləşmiş Universal Səhmdar Bankının (BUSB) xalis gəliri 7,3 milyard manat olmuşdur. Bunu yanvarın 24-də keçirilmiş mətbuat konfransında bankın idarə heyətinin sədri Zakir Zeynalov bildirmişdir.
Onun dediyinə görə 2002-ci ildə bankın mədaxili 34,9 milyard manat, məxarici isə 27,6 milyard manat təşkil etmişdir.
Bank fəaliyyət göstərdiyi iki il yarım ərzində 21 milyard manat xalis gəlir götürmüşdür ki, bu da təxminən onun 22 milyard manat məbləğində olan nizamnamə kapitalına bərabərdir. Bankın kreditləşmədə iştirak etməməsi nəzərə alınarsa, bu, kifayət qədər yaxşı göstəricidir.
Ötən il qiymətli kağızlar bazarında 65 milyard manat yerləşdirilmişdir. Bu il bank plastik kartlarla əməliyyatlar hesabına öz gəlirini artırmaq fikrindədir.
İdarə heyətinin sədri bankın özəlləşdirilməsindən danışarkən demişdir ki, bu barədə qərar ən tezi 2004-cü ildən sonra qəbul edilə bilər.