CƏMİYYƏT
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımovun və Vətən müharibəsi şəhidləri İbrahim Əliyevin, Səid Ədilovun, Elməddin Hüseynzadənin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər.
Anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mərasimlərdə şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.