CƏMİYYƏT
2030-cu ilədək vərəmə son qoyulmalıdır

Bakı, 23 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyası çərçivəsində dünya liderləri tərəfindən təsdiq edilmiş vərəm epidemiyası ilə mübarizə üzrə siyasi Bəyannaməyə yeni hədəflər əlavə olunub.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, yaxın beş il müddətində vərəmin profilaktikası və müalicəsi xidmətləri, bütün xəstələrə sosial güzəştlər paketinin təqdim edilməsi və ən azı bir yeni vaksinin lisenziyalaşdırılması insanların 90 faizini əhatə edəcək.
Tədbiri açan Baş Assambleyanın prezidenti Dennis Frensis deyib: “Təsdiq olunmuş siyasi Bəyannamə bütün cəmiyyətin və hökumətlərin bu problemə yanaşmasını əks etdirir və 2030-cu ilədək vərəmin ləğv olunması üzrə əsaslandırılmış tövsiyələri ehtiva edir”.
ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus bəyan edib ki, 2021-ci ildə vərəm 1 milyon insanın həyatına son qoyub və onların əksəriyyəti yoxsul ölkələrin payına düşür. O qeyd edib ki, bu, “qeyri-bərbərlik xəstəliyidir”.