REGİONLAR
Şuşa abidələri: Pənahəli xanın erməni vandalizminə məruz qalmış sarayı VİDEO
Şuşa, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilməyə cəhd göstərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ xanlığının banisi Pənahəli xanın Şuşa şəhərinin tarixi mərkəzində yerləşən sarayı da erməni vandalizminə məruz qalan tarixi abidələrdəndir. Saray Pənahəli xanın iqamətgahı olub, eyni zamanda, xan ailəsi ilə birlikdə bu sarayda yaşayıb. Planda düzbucaqlı formaya malik olan sarayın dörd küncündə müdafiə qüllələri yerləşdirilib, daxildə isə müvafiq otaqlar olub. Təəssüf ki, işğal illərində bu tarixi abidə tamamilə dağıdılıb, yalnız xarici divarları, qüllələrin bir hissəsi, bir də giriş tavanı qalıb.