REGİONLAR
Astara polisi şagirdlərin iştirakı ilə maarifləndirici görüş keçirib VİDEO
Astara, 1 aprel, İ.Cəfərli, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kakalos kənd tam orta məktəbində “Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!” və “Erkən nikahlara yox deyək” mövzusunda maarifləndirici görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov bəşəriyyətin üzləşmiş olduğu ən ağır problemlərdən biri olan narkomaniyanın törətdiyi ağır fəsadlardan bəhs edib. Qeyd edib ki, narkotik vasitələrdən istifadə şəxsiyyətin deqradasiyasına səbəb olur, müxtəlif cinayətlərin törədilməsinə təkan verir, genefondun pisləşməsi ilə nəticələnir.
Sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polis əməkdaşlarının apardığı qətiyyətli mübarizədən bəhs edilib, əldə olunan nəticələr sadalanıb.
Çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Mərkəzi Rayon Xəstəxanasının direktoru Oktay Əmənullayev, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Bunun yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.