İDMAN
Stronqmen üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Bakı İdman Sarayında Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə ölkə çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionat 4 hərəkət - strit liftinq, strikt karl, benç press və dedlif üzrə təşkil olunub.
Strit liftinqdə 8, strikt karl və benç-pressdə 11, dedlifdə isə 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Respublika çempionatda 150-dən artıq idmançının iştirak etdiyini vurğulayan Azərbaycan Stronqmen Federasiyasının nəzdində fəaliyyət göstərən “Strikt karl Azərbaycan” bölməsinin rəhbəri Camal Əhmədzadə yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayıb: “Çempionatda yeni ölkə rekordları müəyyənləşdi. Milli komandanın heyəti formalaşdı. Hər bir hərəkət üzrə bu il dünya və Avropa çempionatlarının təşkili gözlənilir. Azərbaycan birinciliyinin qalibləri mötəbər yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar. Yaxın vaxtlarda idmançılarımız hazırlıq prosesinə start verəcəklər”.
Ölkəmizdə bu hərəkətlər üzrə çox güclü və potensiallı idmançıların olduğunu qeyd edən C.Əhmədzadə deyib: “Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev gənclərin idmana cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, pis vərdişlərdən uzaq olmaları üçün əlindən gələni əsirgəmir. Federasiya rəsmisi milli komandanın üzvlərinin mötəbər yarışlarda uğurla çıxış etməsi üçün də səylərini davam etdirir. Federasiya irimiqyaslı turnirlərdə mükafatçılar sırasına düşən idmançılarımızın mükafatlandırılmasını da diqqət mərkəzində saxlayır”.