20 Yanvar - qanla yazılan tarix: Dmanisidə inşa yazı müsabiqəsi keçirilib
Tbilisi, 21 yanvar, AZƏRTAC
Gürcüstanın Dmanisi rayonundakı Dmanisi Tədris Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar - qanla yazılan tarix” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak edən şagirdlər 20 Yanvar və Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərkəzin rəhbəri Kamran Xidirov bildirib ki, 20 Yanvar və Aprel şəhidlərinin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq. O qeyd edib ki, xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hər il dərin ehtiramla yad edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir. Bu faciənin gənclər və məktəblilər tərəfindən dərin ehtiramla anılması bir daha sübut edir ki, Vətən naminə canından keçən şəhidlərimizin xatirəsi zamanın sınağından keçərək Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Onların tökdüyü qan azadlıq yolunun susmayan çağırışına çevrilib və bu çağırış nəsildən-nəslə ötürülərək 44 günlük Zəfərlə nəticələnib.
Bildirilib ki, 20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyi, müstəqilliyimizin sarsılmaz rəmzi kimi daim yaşayacaq.
Sonda şagirdlər tərəfindən 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub. Müsabiqə qaliblərinə sertifikatlar və hədiyyələr təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi