20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir
Bakı, 20 yanvar, AZƏRTAC
Auditorlar Palatasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, tədbiri Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq qeyd etdi ki, Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 26 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün çoxlu sayda dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Xalq o günlərdə böyük bir gerçəkliyi - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən o vaxtlar Moskvada yaşayan Heydər Əliyev oldu.
Çıxış edən digər natiqlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini vurğuladılar.