20 YANVAR AZƏRBAYCAN XALQININ AZADLIQ VƏ MÜSTƏQİLLİK UĞRUNDA MÜBARİZƏSİNİN ŞANLI SƏHİFƏSİDİR
Dövlətqaçqınkomun sədri, Baş nazirin müavini Əli Həsənov bu görüşün “20 Yanvar faciəsinin 14-cü ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq keçirildiyini, həmin dəhşətli faciənin bu il ümummilli liderimiz Heydər Əliyevin dünyasını dəyişməsi ilə əlaqədar dərin hüznlü günlərə təsadüf etdiyini vurğuladı.
Natiq sözünə davam edərək bildirdi ki, tarixdə elə bir şəxsiyyət olmamışdır ki, öz ölümü ilə də dövlətinə, millətinə xidmət etmiş olsun. Möhtərəm ümummilli liderimiz həmişə deyərdi: “Mən ömrümün qalan hissəsini də xalqıma, millətimə bağışlayıram”. Bizim hamımız bu sözlərin həqiqət olduğunun canlı şahidləriyik. Lakin çox təəssüf edirik ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi problemi həll olunmamış bu görkəmli, tarixi şəxsiyyəti itirdik.
Komitənin sədri onu da dedi ki, Azərbaycan dövləti və xalqı, onun Prezidenti İlham Əliyev başda olmaqla bu çətinliklərdən çıxacaq və irəliləyəcəkdir. Bir neçə məqam bunu deməyə tam əsas verir. Prezident İlham Əliyev qısa dövrdə üç böyük sınaqdan çıxdı. Birincisi, O, cənab Heydər Əliyevsiz ölkəmizdə Prezident seçkisi apardı. İkincisi, oktyabrın 15-16-da ölkəmizdə törədilən iğtişaşların qarşısını aldı. Üçüncüsü, cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin dəfn mərasimini onun adına layiq, çox yüksək səviyyədə keçirtdi. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanı firavan gələcək gözləyir. Ölkəmiz daim inkişaf edəcək, cənab Prezidentin dediyi kimi, Azərbaycanda qarşıdakı illərdə 600 mindən çox iş yeri yaradılacaqdır. Beləliklə, ölkəmizdə yoxsulluq dərəcəsi azalacaq, həyat tərzi yaxşılaşacaqdır. Əli Həsənov onu da vurğuladı ki, Heydər Əliyev siyasətinin davamçısı, çox yüksək təfəkkürə malik İlham Əliyevə vəzifəsindən asılı olmayaraq, hərə öz köməyini göstərməyə borcludur.
Baş nazirin müavini onu da dedi ki, 20 Yanvar hadisəsi Azərbaycanın həm faciəsi, həm də mübarizə tariximizin şanlı səhifəsidir. Xalqımız sübut etdi ki, O, öz müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canından da keçməyə hazırdır. Əminik ki, Azərbaycan xalqı öz torpaqlarının azad olunmasında bunu bir daha nümayiş etdirəcəkdir.
Görüşdə şəhid atası Bayram Əliyev, şəhid anası Zəri Babayeva, “20 Yanvar Fondu”nun sədri Nəsib Azər, şəhid atası Allahverdi Sadıqov, respublika Qaçqınlar Cəmiyyətinin sədri Abbas Səfərov, şəhid anası Nuriyyə Cəfərova çıxış edərək bildirdilər ki, bu günlər onlar öz dərdlərini unudaraq, ümummilli liderimiz Heydər Əliyevin dünyasını dəyişməsi ilə bağlı hüznlü günlərini yaşayırlar. Möhtərəm Heydər Əliyevin “20 Yanvar” şəhidlərinin xatirəsini əbədiləşdirmək, şəhid ailələrinin güzəranını yaxşılaşdırmaq sahəsində xidmətlərini heç vaxt unutmayacaqlar. Onlar, həmçinin bildirdilər ki, dövlətimizin diqqət və qayğısını həmişə hiss etmiş və bu gün də belə qayğı ilə əhatə olunmuşlar.
Görüşdə şəhid ailələrinin arzu və təklifləri dinlənildi, onların problemləri ilə bağlı məsələlərin həlli üçün Dövlətqaçqınkomun rəhbərliyi tərəfindən müvafiq göstərişlər verildi.
Şəhid ailələrinə maddi yardım göstərildi.